Azərbaycanın ilk filmi

Paylaş:

Azərbaycanda kino sənəti dünya kinosundan cəmi üç il sonra, 1898-ci il avqustun 2 -də yaranıb. İndiyə qədər Azərbaycanda 3000-dən artıq film çəkilib.

XIX əsrin sonlarında Bakı “qara qızıl” hesabına Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi tanınmağa başlayır. Elə bu vaxtlarda Fransadan gəlmiş fotoqraf Aleksandr Mixayloviç Mişonun Bakıda nəşriyyatı və fotoatelyesi var idi. O, Bakı mənzərələrini, neft mədənlərini, mədənlərdə baş vermiş yanğınlarla bağlı silsilə şəkillər çəkirdi.  O, “Bibiheybətədə neft fontanının yanğını” , “Balaxanıda neft fontanı”, “Şəhər bağında ictimai gəzinti”, “Qafqaz rəqsi” xroniki sujetlərin də müəllifidir.

Araşdırmalardan məlum olur ki, 20 ildən artıq Bakıda yaşamış Mişonun niyyəti heç də  Azərbaycanda kino sənətinin əsasını qoymaq deyildi. O fotoqrafiya ilə məşğul olur,  şəkillər çəkir, Bakıda nümayiş etdirir sonra isə Fransaya aparırdı. Həmin kinosüjetlərin ikisi ( “Bibiheybətdə neft fontanının yanğını” , “Balaxanıda neft fontanı” ) 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə Fransa kino arxivindən Azərbaycana qaytarılır.

1915-ci ildə tanınmış neft sənayeçiləri olan Pirone qardaşları Bakıda “Filma” Səhmdar Cəmiyyətini yaradırlar. Şəhərin mərkəzində – Birja küçəsi 3 saylı binada (indiki Ü.Hacıbəyli küç.) yerləşən cəmiyyət 1915-1916 cı illərdə bir neçə bədii filmin, eyni zamanda neft sahibkarlarının köməkliyi ilə İbrahim Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayır.  Filmi çəkmək üçün  Peterburqdan rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilir.

Azərbaycanda ilk səssiz film olan “Neft və milyonlar səltənətində”ki yazılar iki dildə – Azərbaycan və rus dillərində yazılıb.

Filmin mövzusu Azərbaycan nefti ilə bağlıdır. Film neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzaranını ekranda canlandırır. 

Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı bir neft sahibrakına çevrilir. Pozğun və qəddar neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir və məhv edir.  Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn bir kasıbın burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.

Filmdə varlı neft sahibkarlarının xoş və firavan həyat sürmələri, yoxsul fəhlələrin acınacaqlı həyatı, gecə-gündüz neft mədənlərində işləyib bir parça çörək pulu qazanmaları – və bu kimi digər səhnələr tamaşaçıda dövrün ab-havası, neftin insan həyatında oynadığı təzadlı rol barədə müəyyən təsəvvür yaradır.

Təbiət mənzərələri Bakı və Bakı ətrafında, Balaxanıda, Binəqədidə, Zığ və sahil kənarında, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilir. O vaxtı Balaxanıda neft mədəndə baş vermiş yanğın da filmə daxil edilir. Bu yanğın tamaşaçılar üçün çox maraqlı epizodlardan biri olur.

İkiseriyalı bədii filmin birinci seriyası 1916-cı il may ayının 14-də ikinci seriyası isə may ayının 27-də ekranlara buraxılır.

Film ilk dəfə Hacı Zeynalabdin Tağıyevin pasajında “Fransız elektrobioqrafı”nda (indiki Bakı Universal Mağazası) göstərilib. Filmin ekranlara çıxarılması ilə əlaqdar mətbuatda dərc edilmiş elanlarda belə yazılır: “Görməyə təcil ediniz. Ancaq dörd gündür”, “…Mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir”. 

elave-tagiyevin-pasaji

Tağıyevin pasajı

“Baku” qəzetində isə belə bir elan dərc edilir: “Fransız elektrobioqrafı, H.Z.Tağıyevin pasajı. Uşaqlar və şagirdlər buraxılmır. Bu il mayın 14-dən Bakının neft mədənlərində çəkilmiş və neft milyonçularının həyatından bəhs edən “Neft və milyonlar səltənətində” filminin 1-ci seriyası nümayiş etdiriləcək. Kinodram İ.B.Musabəyovun romanı əsasında çəkilib. Ssenari müəllifi A.D.Panova – Potyomkinadır. Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək.”

Filmdə Lütfəli bəy rolunu ifa edən görkəmli Azərbaycan teatr və kino xadimi Hüseyn Ərəblinski ilk azərbaycanlı kino artisti hesab olunur. Film Ərəblinskinin çəkildiyi ilk və son filmdir.

Məşhur tarzən Qurban Pirimov sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən deyir:  «Filmin “Toy” və “Kazinoda şənlik” epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı».

Kinorejissor Məmməd Əlili o dövrlə bağlı xatirələrində yazırdı: “1914-cü ilin axır günləri idi. Cəfər Cabbarlıgilə getmişdim. O, mənə dedi ki, artist Murad Muradov deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Sonra Cəfər mənə başa saldı ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Onlar çəkiliş üçün mollaxanalardan uşaq seçəcəklər. Çox güman ki, sizin yanınıza da gələcəklər. Zirək tərpən, fürsəti əldən vermə. Qoy bizlərdən də bir artist çıxsın ortaya.

Bir neçə gündən sonra artist Murad Muradov filmin rejissoru Boris Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.

Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi və bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə – dörd aya çəkib başa vurdular”.

elave-sekil---2-neft

Filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə azərbaycan və rus dillərində filmin məzmunu yazılıb, həmçinin, filmdən fotoşəkillər çap olunub. Təəssüflər olsun ki, bu əvəzsiz tarixi film yalnız qəzet resenziyalarında və bukletlərdə qalıb, günümüzə gəlib çıxmayıb.

İddialara görə, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda teatrda olan «Neft və milyonlar səltənətində» filmi də yanıb külə dönür. Amma kinoşünas  Aydın Kazımzadə bu ehtimalı təkzib edərək bildirib: “«Filma» şirkətinin öz ofisi varkən filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin ki, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Hazırda orda yoxdur.”

“Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlarda nümayiş etdirilir. Melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir. Filmdə Cəlil rolunda Əliabbas Qədirov, Lütfəli bəy rolunda isə Hamlet Xanızadə çəkiliblər.

1983-cü ildə rejissor Fikrət Əliyevə Leninqradda XIV Ümumittifaq Kinofestivalında bu filmə görə mükafat verilir.