Dodaqların cazibəsi

Paylaş:

Xanımların gündəlik istifadə etdikləri makiyaj vasitələrindən biri də dodaq boyasıdır.

Müasir dövrdə geniş istifadə olunan dodaq boyasının yaranma tarixi qədim zamanlara təsadüf edir.

Ehtimal olunur ki, dodaq boyasını icad edənlər qədim mesopotamiyalı qadınlardır. Onlar dodaqlarını rəngləmək üçün az qiymətli ləl-cəvahiratları üyüdüb, istifadə edirlər. Dodağı qırmızıya boyamaq ənənəsi də mesopotamiyalı qadınlara aiddir. Bu ənənə hazırda da yaşayır.

Qədim Misirlilər isə müxtəlif bitki və heyvan yağlarını qırmızı güllə və dəmir oksidlə rəngləndirərək dodaqlarını boyamaqda istifadə edirlər. Lakin bu qarışığın xoşagəlməz bir cəhəti olur ki, o pas qoxusu verir. Bunu aradan qaldırmaq üçün sonralar qarışığa təbii vasitələr əlavə olunur. Misir kraliçası Kleopatra isə qırmızı rəng verən böcəkləri və qarışqaları əzir və onlardan qırmızı rəngin müxtəlif çalarlarında dodaq boyası hazırlayır.

Bu vasitələrdən əlavə qədim dövrlərdə qadınlar rəngli gil ya da gilasla dodaqlarını boyayırlar. Dodaqları rəngləndirmək üçün bəzi turşulu bitkilərin sularından da istifadə edilir. Bu sular qanı dodaqlarda toplayır, dodağa qırmızı və canlı görkəm verir.

Zaman keçdikdə dodaq boyası hazırlanması texnikası inkişaf edir və 16-cı əsrdə bu sahədə əsaslı irəliləyiş olur. Kosmetikanın eləcə də, dodaq boyasının bu inkişafı İngiltərə kraliçası I Yelizaveta və ətrafındakı xanımların adı ilə bağlıdır. Kraliça daha baxımlı və gözəl görünmək üçün yeni vasitədən istifadə edir. Bu vasitələrdən ən əsası parlaq, qırmızı dodaq boyası olur. Bu boyaq bal mumu və bitkilərin qarışığından hazırlanır.

İlk dodaq boyası reklamı Amerikada 1890-cı illərdə Siirs Ribak Kataloqunda dərc edilməyə başlayır.

Dodaq boyası müasir formada ilk dəfə 1915-ci ildən istifadə edilir. Elə həmin ildə Mark Levi dodaq boyası yerləşdirilən ilk metal qabı icad edir. Metal qab kəşf edilməzdən öncə dodaq boyası ipək kağızlara sarılaraq, istifadə olunur. 1923-cü ildən isə müasir dodaq boyası qabının istifadəsinə başlanılır.

1930-cu illərdə dodaq boyası satışında reklam böyük rol oynamağa başlayır. Amerika əsilli kimyaçı Heyzel Bişop dağılmayan dodaq boyası hazırlamağa nail olur. Onun hazırladığı dodaq boyası bütün gün dodaqda qalır və yayılmır. II Dünya Müharibəsi ilə əlaqədar olaraq 1940-cı illərdə dodaq boyası çətin tapılan olsa da, satışını uğurla davam edir. 1940-cı illərin sonlarına doğru artıq amerikalı qadınların 90%-i dodaq boyasından istifadə edir. Kino sənayesinin inkişafı ilə dodaq boyasının məşhurluğunun artması və makiyajın qadınlar üçün adi qəbul edilməyə başlaması II Dünya Müharibəsindən sonraya təsadüf edir.

Yeni rənglərin ortaya çıxdığı və qırmızı dodaq boyasına təlabatın azaldığı dövr isə 1960-70-ci illər olur. 1970-ci illərə qədər bej və ağ rəngli dodaq boyaları öz populyarlığını qoruyur. Lakin 1970-ci ildən qara və bənövşəyi rənglərdə dodaq boyasından istifadə etmək dəb halına gəlir. Tünd rəngli dodaq boyasından ilk dəfə istifadə edən ABŞ film ulduzu Klara Bou olur. Yenidən tünd qırmızı dodaq boyasının dəbə qayıtması isə 1980-ci ilə təsadüf edir. “Like a Virgin” adlı dünya turu boyunca bu dodaq boyasından istifadə edən amerikalı müğənni Madonna qırmızı dodaq boyasını dəbə qaytaranlardan biri olur.

Hazırda dodaq boyası hazırlanmasında bal mumu, təbii bal mumu, Braziliya bal mumu, ozokerit şamı, lanolin şamı, ceresin şamı və digər sintetik şamlar istifadə edilir.

Təkcə qadınlar deyil, əks cinsin nümayəndələrindən də dodaq boyasnıdan istifadə edənləri olur. Buna nümunə kimi, bütün çıxışlarından öncə daha yaxşı görünməsi üçün dodaq boyasından istifadə edən ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonu göstərmək olar.
Dünyanın ən bahalı dodaq boyasının qiyməti isə 62.000 ABŞ dollarıdır. Qörleyn KissKiss Qold ənd Daymonds adlı bu dodaq boyasının bahalı olmasına səbəb kimi, onun gövdəsinin 18 karatlıq qızıldan hazırlanması göstərilir. Bundan əlavə, dodaq boyasının qabı 200 ədəd brilyant qaşla bəzədilir.
Qadınlar makiyaj vasitələrinə heç də az pul sərf etmirlər. Həyatlarları boyunca təkcə dodaq boyalarına təxminən 1500 manat pul xərcləyirlər.
Hazırda Dünyada kosmetika sənayesi inkişafdadır və makiyaj vasitələri istehsal edən kompaniyalar hər il, hətta hər mövsüm üçün yeniliklər təqdim edirlər.