Bir dollarlıq mükafat

Paylaş:

Əsl adı “Akademiya mükafatı” olan “Oskar” ilk dəfə 1926-ci il 16 may tarixində verilməyə başlanıb. İlk təqdimat mərasimi Hollivudun “Roosevelt” otelində 270 nəfər qonağın iştirakı ilə baş tutur və biletlərin qiyməti beş dollar olur. Mərasim 15 dəqiqə davam edib. Lakin 2010-cu ildə Amerika Kino Akademiyası tərəfindən qərara alınır ki, hər mükafatın təqdim edilməsi 45 saniyə olsun.

İlk təqdimat mərasimi mətbuata qapalı olur. Bir ildən sonra isə mərasimin ilk radio yayımı həyata keçirilir. 19 mart 1953-cü ildə Kaliforniyada keçirilən təqdimatda ilk dəfə qaliblərin adları televiziya vasitəsi ilə açıqlanır. 1976-cı ilə qədər “Oskar” təqdimatının canlı yayımı NBC telekanalına məxsus olsa da, sonradan bunu ABC kanalı icra etməyə başlayır. Hazırda isə mərasim 220 ölkədə televiziya vasitəsi ilə canlı yayımlanır. Əvvəllər mükafatın qaliblari 3 ay öncədən mediaya elan edilsə də, 1930-cu ildən etibarən qaliblərin adları 10 il ərzində gecə saat 23:00-dan etibarən qəzetdə dərc olunub.

27 mart 1957-ci ildə keçirilən 29-cu “Oskar” gecəsində ilk dəfə “Ən yaxşı xarici film” nominasiyası təqdim olunur. O vaxta qədər isə xarici dilli filmlər “Xüsusi Nailiyyət” mükafatı ilə təltif edilirdi.

1939-cu ildə ilk dəfə qaliblərə “Oskar” heykəlciyi təqdim olunur. Bu heykəlcik heykəltaraş Cors Stenli və dizayner Sedrik Gibson tərəfindən hazırlanır. Cilalanan heykəllərə qalvanik örtüklər vurulur. Daha sonra heykəlin üzərinə mis, nikel və gümüş, ən son mərhələdə isə 24 qramlıq qızıl örtük çəkilir. İkinci Dünya Müharibəsi illərində isə əlvan metalın azlığına görə “Oskar” heykəlciyi gipsdən düzəldilir. Heykəlin hazırkı çəkisi 3,85 kiloqram, hündürlüyü 34, diametri 13 santimetrdir.

Bu mükafatın niyə məhz “Oskar” adlandırılması hələ də məlum deyil. Bununla bağlı bir çox fərziyyələr irəli sürülür. Belə fərziyyələrdən ən məşhuru kino akademiyanın kitabxanaçısı Marqaret Herrik ilə bağlıdır. Deyilənə görə, 1931-ci ildə qadın heykəli gördükdə heyrətdən əllərini bir-birinə vuraraq qışqırıb: “Bu ki eynilə əmim Oskara bənzəyir!” Bu səhnənin şahidi olan jurnalist Sidni Skolski öz məqaləsində belə bir məlumat yazır: “Kino akademiyanın əməkdaşları qızıl heykəlciyi “Oskar” adlandırırlar”.

Başqa bir əfsanəyə görə, 1934-cü ildə Uolt Disney “Üç donuz balası”na görə bu mükafatı əldə etdikdə onu “Oskar” adlandırıb və elə o vaxtdan da adı belə qalıb. “Oskar” adı rəsmi olaraq 2013-cü ildən qəbul edilib.

“Oskar” heykəlciyini satmaq 1950-ci ildən qanunla qadağan olunub. Mükafatı satmaq istəyən, yalnız Amerika Kino Akademiyasının özünə bir dollar qarşılığında sata bilər. Lakin bu qadağaya baxmayaraq bir çox “Oskar” satışları uğurlu olub. 1992-ci ildə aktyor Harold Russell yoldaşının tibbi xərclərini ödəmək üçün pula ehtiyac duyur. O, 1946-cı ildə qazandığı “Oskar” mükafatını 60,500 dollara xüsusi kolleksiyaçılardan birinə satır.

Akademiyanın tərkibinə 15 müxtəlif gildiya daxildir. Onların ən çoxunu – 22 faizini aktyorlar gildiyası təşkil edir. Qaydalara əsasən, hər gildiya ancaq öz kateqoriyası üzrə səs verə bilər. Məsələn, aktyorlar gildiyası ən yaxşı aktyoru və ya aktrisanı müəyyənləşdirmək hüququna malikdir. Gildiyaların bütün üzvləri yalnız “Ən yaxşı film”in seçilməsi üçün səs verə bilərlər. Təqdim olunan işlər 40 dəqiqədən az olmamalıdır. Lakin bu qayda yalnız qısametrajlı filmlərə aid deyil. Burada “Ən yaxşı sənədli film”, «Xarici dildə ən yaxşı film», “Ən yaxşı qrim”, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı səs montajı” və “Ən xüsusi effekt” nominasiyalarında namizəd və qalibləri seçmək üçün Akademiyadan kənar xüsusi səsvermə dəstəsi hazırlanır. “Ən yaxşı film”ə görə başqa mükafatları rejissor və prodüser aldığı halda, “Ən yaxşı film”ə görə Oskarı yalnız prodüserlər alırlar.

Namizədlərə verilən səslər «Price Waterhouse Coopers» şirkətinin auditoriya mütəxəssisləri tərəfindən hesablanır. Şirkətin iki əsas eksperti və onların dörd köməkçisi Amerika Kino Akademiyasının üzvlərindən 6000-ə yaxın bülleteni nəzərdən keçirirlər. Üç gün davam edən hesablama tam məxfi şəraitdə aparılır. Mükafat təqdim olunana qədər namizədlərin adı yalnız «Price Waterhouse Coopers» ekspertlərinə məlum olur. Hətta köməkçilər yekun hesablamaya qədər ekspertlərin yanına buraxılmır. Hər kateqoriyanın qalibləri müəyyən edildikdən sonra sənətçinin ad və soyadı səhnədə elan olunur.

“Oskar” tarixində ən çox heykəlciyə layiq görülən filmlər: 1959-cu il “Ben-qur”, 1997-ci il “Titanik” və 2003-cü il “Üzüklərin hökmdarı”. Onlardan hər biri müxtəlif nominasiyalar üzrə 11 heykəlcik qazanıb.

Uolt Disney “Oskar” mükafatına 64 dəfə namizəd olub. O, ilk dəfə bu mükafata 1932-ci ildə “Mikki Maus” cizgi filminə görə layiq görülüb. Karyerası boyunca Disney 26 dəfə “Oskar” qazanıb, onlardan altısını ölümündən sonra alıb. Aktrisa Ketrin Hepbern “Ən yaxşı aktrisa” nominasiyasına görə ən çox “Oskar” alan şəxsdir. Onun ümumilikdə dörd mükafatı var.

“Oskar”ın ən gənc sahibi 10 yaşlı Tatum Onildir. O, mükafatı 1973-cü ildə çəkilmiş “Kağız ay” ekran əsərindəki ikinci dərəcəli rola görə qazanıb. Mükafatın ən yaşlı sahibi isə 81 yaşlı aktrisa Cesika Tendidir.
Aktyor Cek Nikolson “Oskar”a 12 dəfə, aktrisa Meril Stripin isə 17 dəfə namizəd olsalar da, mükafata 3 dəfə sahib olublar.

Rejissor işinə görə ən çox “Oskar” alan Con Ford və Vudi Allendir. Onların hər biri 4 dəfə qalib olub.
“Ən yaxşı xarici film” nominasiyasında namizəd olan ekran əsərləri içərisində liderlik Fransa kinolarına məxsusdur. 1948-ci ildən 2010-cu ilədək Fransa filmləri 38 dəfə mükafata iddialı olublar.
70 il ərzində “Oskar” mükafatının təqdimatı mart ayında keçirilirdi. 2004-cü ildən bugünə kimi isə mərasim fevral ayında baş tutur.

23 fevral 2015-ci ildə isə “Oskar” qaliblərinin 87-ci mükafatlandırma mərasimi keçirilib və 24 nominasiya üzrə qaliblər müəyyən olunub. Təntənəli mərasim ABŞ-ın Los Anceles şəhərində “Holliwood and Highland” əyləncə mərkəzinin “Dolby” teatrının səhnəsində baş tutub. Nüfuzlu tədbirin aparıcısı məşhur aktyor Nil Patrik Harris olub. “Ən yaxşı film” nominasiyası üzrə “Birdman”, “Ən yaxşı rejissor” – Alexandro Qonzales İnyaritta, “Ən yaxşı aktrisa” – Culian Mur, “Ən yaxşı aktyor” – Eddi Reydmen, “Ən yaxşı mahnı” – “Glory” seçilib.