Necə edək şəkildə yaxşı düşək?

Paylaş:

Şəkildə yaxşı düşməyin də sirrləri varmış

Fotoda zaman dayanır və insanlar heç də həmişə həyatda olduqları kimi şəkildə düşmürlər. Şəklin uğurlu alınması fotoqrafdan çox asılıdır. Peşəkar fotoqraf hər bir insanı hansı rakursdan çəkməli olduğunu bilir. Lakin buna baxmayaraq, bəzi insanlar şəkillərdə yaxşı düşsələr də, bir çoxları hətta peşəkar fotosessiya zamanı da həyatdakından qat-qat pis çıxırlar.

Fotoqraf Rəşad Əhmədovun sözlərinə görə, şəkildə yaxşı düşən adamlar şəkil çəkdirməyi sevirlər, o biriləri isə əksinə, hətta yaxınları ilə belə şəkil çəkdirməkdən qaçırlar. “Bəzi yaraşıqlı adamlar var ki, şəkillərinə baxdıqdan sonra depressiyaya da düşürlər. Onlar deyirlər ki, yəni mən həyatda da beləyəm? Xüsusilə də xanımlar bu məsələyə həssaslıqla yanaşırlar”, – deyən fotoqrafın bildirdiyinə görə, şəkildə heç də həmişə olduğun kimi düşmürsən: “Hətta bəzi yaraşıqlı adamlar çirkin, amma fotoda gözəl düşən adamlara da paxıllıq edirlər. Onlar tədricən düşünməyə başlayırlar ki, yəqin özlərinin xarici görünüşü barədə yanılıblar”.

Fotoqraf qeyd edib ki, şəkillərdə kişilər də yaxşı düşmək istəsələr də, qadınlar gözəl görsənməyə daha can atırlar: “Bu səbəbdən də xanımların çoxu şəkil çəkdirərkən həyəcan keçirir, özlərini sıxırlar. Nəticədə şəkildə əsəbi və xoşagəlməz olurlar. Şəkil çəkdirərkən emossional cəhətdən tam sərbəst olmalısan. Sakitləşmək lazımdı. Düşünün ki, bu, sadəcə, şəkildi. Pis alınsa, mütləq yenisini çəkdirəcəyəm”.

Onun fikrincə, şəkildə yaxşı düşməyi düşündükcə, surət daha da pis alınır: “Əgər sakitləşə bilmirsizsə, kiminləsə söhbət edin. Bu zaman həyəcanınız, əsəbiliyiniz tədricən keçməyə başlayacaq və şəkildə daha təbii düşəcəksiz”.

R.Əhmədov bildirib ki, yaxşı foto çəkməyin öz incəlikləri var. Onun sözlərinə görə, şəkildə yaxşı çıxmaq üçün, şəkil çəkdirən zaman əvvəlcə kənara, sonra fotoaparata baxmaq məsləhətdir: “Əgər əyləşib şəkil çəkdirirsizsə, düz oturmayın. Bu zaman mənfi cəhətləriniz bilinəcək. Yaxşı olar ki, üzünüzü və ayaqlarınızı bir qədər yana çevirəsiz. Çiyinlərinizi isə düz saxlayın”.

O məsləhət görür ki, şəkildə necə alınmaq istədiyiniz barədə fotoqrafa əvvəlcədən deyin. “Əgər sizin sevdiyiniz şəkliniz varsa, onu da fotoqrafa göstərə bilərsiz. Bu, fotoqrafa sizi daha gözəl çəkməyə kömək edəcək. Eləcə də şəkillərdə təbii tərzdə dayanmaq məsləhətdir. Ən əsası isə fikir verin ki, bədəninizin bütün hissələri kameradan eyni məsafədə uzaqlıqda yerləşsin. Əks halda, əlləriniz yaxındadırsa yekə çıxacaq, digər bədən üzvləriniz isə ona nəzərən xırda”, – deyən müsahibim şəkil çəkdirməzdən əvvəl məşq etməyin də xeyirli olduğunu bildirib.

Onun sözlərinə görə, romantik şəkillər qızlar üçün daha uyğundur: “Klassik tərzdə dayananda şəkil daha maraqlı alınır. Məşhur ulduzların ən sevdiyi tərz də belədir. Bu tərzdə şəkil çəkdirmək üçün bir ayaq qabağa qoyulur, bədəni isə kameraya nəzərən bir qədər yana çevirmək lazımdır. Belə şəkillərdə bədən quruluşu zərif, boy hündür görünür. Adətən məşhur ulduzlar daha gözəl görünmək üçün əllərini də belinə qoyurlar”.Şəkildə əllərin heç də həmişə yaxşı görsənmədiyini deyən həmsöhbətim bildirir ki, bunu nəzərə alaraq əl barmaqlarını aralı qoymaq məsləhət deyil. Onun sözlərinə görə, əlləri boş saxlamaq lazımdır: “Fikir verin ki, əliniz gözəl görsənsin. Əgər oturaraq şəkil çəkdirirsizsə, əllərinizi belinizə qoya bilərsiz. Bundan başqa, çalışın ki, bir neçə şəkil çəkdirəsiz. Ola bilsin ki, çəkdirdiyiniz 20-30 şəkildən biri güclə xoşunuza gəlsin”.

Fotoqraf qeyd edir ki, çəkdirdiyiniz şəkilləri müşahidə edin. “Şəkillərə baxarkən buraxdığınız səhvləri başa düşə bilərsiniz. Şəkillərə baxarkən hansı tərzlərin sizə daha çox yaraşdığına fikir verin. Nəzərinizdə saxlayın ki, şəkil çəkdirərkən saç düzümünüz, makiyajınız, geyiminiz də sizə yaraşan olmalıdır”, – deyən fotoqraf əlavə edib ki, xüsusi proqramlarda şəkildəki qüsurlar aradan qaldırmaq da mümkündür: “Misal üçün, burun böyükdürsə, fotoşop vasitəsilə balacalaşdırılır. Xırda gözlər böyüdülüb normal həcmə gətirilir. Lazım gəldikdə əlavə makiyaj da çəkilir. Sifarişçinin istəyinə uyğun gözün, hətta saçın rəngi, forması da dəyişdirilir. Üz nahiyəsində olan istənilən qüsurlar, çapıq, xallar, ləkələr aradan qaldırılır. Əgər sifarişçi istəyirsə, bədən quruluşuna da müəyyən düzəlişlər edilir. Bel nazikləşdirilir, qol və ayaqlar formaya gətirilir və s.”

Onun sözlərinə görə, peşəkar fotoqraf yaraşıqlı olmayan adamı da şəkildə daha yaraşıqlı edə bilər: “Ən əsası düzgün rakurs tapmaqdır. Həm də şəkil çəkdirərkən müsbət şeylər haqqında düşünün. Belə ki, sizin fikirləriniz də şəkildə öz əksini tapacaq”.